Marja ticarəti, əməliyyatların həcmini artırmaq məqsədilə treyderin brokerdən borc götürdüyü vəsaitlərdən istifadə etdiyi investisiya üsuludur. Bu mexanizm treyderin şəxsi kapitalından əhəmiyyətli dərəcədə yüksək məbləğlərlə əməliyyat açmağına şərait yaradır, bununla da potensial gəlirlərini çoxaltmağa imkan verir. Lakin onu da qeyd etmək lazımdır ki, marjinal ticarət yüksək risklə də müşahidə olunur, çünki itirilən məbləğ ilkin investisiya məbləğini üstələyə bilər. Bu bloqda biz marja nədir, marja ticarəti necə işləyir kimi suallara cavab tapıb, marjinal ticarətin riskləri və üstünlüklərini nəzərdən keçirəcəyik.
Marja ticarəti nədir? Marjinal ticarətin əsasları
Marja ticarəti, investorlara brokerdən borc alaraq aktivlərlə əməliyyatlar aparmağa imkan verən bir mexanizmdir. Sadə dillə izah etsək, klassik ticarətdə yalnız öz pulunuzla ticarət edirsiniz. Amma marjinal ticarətdə brokerdən borc alırsınız və müəyyən bir məbləği (marja) girov kimi qoyursunuz. Bu girov, borc aldığınız pulu geri ödəməyiniz üçün zəmanət kimi işləyir. Broker, faktiki olaraq, mövcud investisiyaların həcmini artırır.
Marja ticarətinin əsas elementi kredit çiynidir (leverage). Onunla treyder mövqeyini (pozisiyasını) bir nəçə dəfə böyütmək imkanı əldə edir. Məsələn, 1:5 kredit çiyni ilə, 1 000 dollarınız olduqda, 5 000 dollarla ticarət edə bilərsiniz. Bu, potensial qazancı artırsa da, eyni zamanda mümkün olan riskləri də böyüdür.
Marjinal ticarət forex bazarında geniş istifadə olunur. Burada valyuta məzənnələrindəki qiymət dəyişiklikləri kiçik olsa belə, əgər kredit çiyni varsa, hətta kiçik qiymət dəyişiklikləri yüksək gəlir gətirə bilər. Məsələn, foreks bazarında treyderlər əksər hallarda 1:50, 1:100 kredit çiynindən istifadə edirlər ki, bu da onlara minimal investisiya ilə böyük həcmdə ticarət etməyə imkan verir.
Xüsusi qeyd etmək vacibdir ki, marjinal ticarət risklərin idarə edilməsini tələb edir. Əgər bazar sizin mövqeyinizin əleyhinə hərəkət edərsə, broker hesabınıza əlavə vəsait yatırmağınızı (marja çağırışı - margin call) tələb edə bilər və ya daha böyük zərərlərin qarşısını almaq üçün əməliyyatı avtomatik bağlaya bilər (stop out). Bu səbəbdən də Forex-də uğurlu ticarət marjnal ticarətinin mexanizmlərini anlamaqla yanaşı, həm də iqtisadi xəbərləri, siyasi hadisələri və valyuta cütlüklərinə təsir edən digər amilləri təhlil etməyi tələb edir.
Marja ticarəti necə işləyir?
Marjinal ticarət mürəkkəb, lakin effektiv bir mexanizmdir. O, treyderlərə borc vəsaitləri hesabına ticarət imkanlarını genişləndirməyə imkan verir. Onun necə işlədiyini anlamaq üçün marjinal əməliyyatların açılması və saxlanılması zamanı baş verən əsas prosesləri dərk etmək vacibdir.
Treyder marja ticarəti ilə məşğul olmağına qərar verdikdə, ilk olaraq ticarət hesabına müəyyən bir məbləğ yatırır. Marjanın ölçüsü isə seçilmiş kredit çiynindən (leverage) asılıdır. Məsələn, əgər siz 1:10 kredit çiyni ilə 10 000 dollarlıq əməliyyat açmaq istəyirsinizsə, 1 000 dollar yatırmalısınız. Qalan 9 000 dolları isə broker təmin edəcək.
Pozisiya (əməliyyat) açıldıqdan sonra broker daim onu nəzarətdə saxlayır. Əgər bazar sizin xeyrinizə hərəkət edirsə, qazanc yalnız yatırdığınız məbləğin həcmində deyil, əməliyyatın ümumi məbləğinə proporsional olaraq artır. Lakin əgər bazar əleyhinizə hərəkət edirsə, zərər də əməliyyatın tam məbləği əsasında hesablanır. Bu o deməkdir ki, hətta qiymətdəki cüzi mənfi dəyişiklik belə böyük itkilərə səbəb ola bilər.
Marjinal ticarətinin vacib elementlərindən biri marja səviyyəsidir. Əgər marja səviyyəsi brokerin təyin etdiyi minimum səviyyədən aşağı düşərsə, “margin-call” – marja çağırışı baş verir. Bu halda, broker hesabın artırılmasını tələb edir ki, marjanın məqbul səviyyəsi bərpa olunsun. Əgər bu edilməzsə və marja səviyyəsi daha da aşağı enərsə, böyük itkilərin qarşısı almaq məqsədilə, pozisiya avtomatik olaraq bağlana bilər (stop-out).
Marjanın idarə edilməsi treyderdən bazarı mütəmadi olaraq analiz etməyi və dəyişikliklərə çevik reaksiya verməyi tələb edir. Bu cür yanaşma yalnız borc vəsaitlərini effektiv istifadə etməyə imkan vermir, eyni zamanda, bazarın qəfil hərəkətləri ilə bağlı riskləri minimuma endirir.
Marja ticarətinin üstünlükləri və mənfi cəhətləri nələrdir?
Marjinal ticarətin üstünlükləri:
- 1. Ticarət imkanlarının genişləndirilməsi
Borc vəsaitlərinin istifadəsi əməliyyatları öz kapitalınızdan xeyli yüksək məbləğlə açmağa imkan verir. Bu, məhdud büdcəyə sahib olan və böyük əməliyyatlarda iştirak etmək istəyən treyderlər üçün xüsusilə faydalıdır.
- 2. Potensial yüksək gəlir
Kredit çiyni sayəsində hətta qiymətdəki kiçik dəyişikliklər belə əhəmiyyətli qazanc gətirə bilər. Məsələn, 1:100 kredit çiyni ilə qiymət 1% dəyişərsə, gəliriniz 100% artacaq.
Marjinal ticarətin mənfi tərəfləri:
- 1. Yüksək riskin mövcudluğu
Marjinal ticarətinin əsas çatışmazlığı yüksək riskin olmasıdır, çünki zərər də əməliyyatın tam məbləğindən hesablanır, bu isə yalnız yatırılan vəsaiti deyil, həm də əlavə məbləği itirmək riskini yaradır.
- 2. Təcrübə və intizam tələb edir
Marja ticarəti yalnız bazarı analiz etməyi, riskləri idarə etməyi və emosiyaları nəzarət altında saxlamağı bacaran təcrübəli treyderlər üçün uyğundur.
Marjinal ticarətdə risklərin idarə edilməsi
Marja ticarəti, öz üstünlüklərinə baxmayaraq, riskli ticarət hesab olunur. Bu səbəbdən də, bu alətin uğurlu istifadəsi risklərin düzgün idarəsi olmadan mümkün deyil. Aşağıda itkiləri minimuma endirmək və kapitalı qorumağa kömək edəcək əsas strategiyalar və yanaşmalar təqdim edilib:
“Stop-loss”dan istifadə etmək
“Stop-loss" müəyyən bir zərər səviyyəsinə çatdıqda əməliyyatı avtomatik bağlayan əmrdir. “Stop-loss” qoymaq potensial itkiləri məhdudlaşdırmağa və bazar volatilliyi şəraitində emosional qərarların qarşısını almağa kömək edir.
Marja səviyyəsinə nəzarət etmək
Marja səviyyəsi treyderin vəsaitinin borc vəsaitlərinə nisbətini əks etdirən göstəricidir. Marja səviyyəsinin mütəmadi izlənməsi “margin call” və “stop-out” vəziyyətlərindən qaçmağa kömək edir. Bazar əlverişsiz hərəkət etdiyində, kapitalı qorumaq üçün marja səviyyəsini brokerin təyin etdiyi minimum həddən yuxarıda saxlamaq tövsiyə olunur.
Portfelin diversifikasiyası
Kapitalın bir neçə aktiv və ya bazar arasında paylanması riskləri azaldır. Əgər bir əməliyyat zərərli olsa, digərləri itkiləri kompensasiya edə bilər. Məsələn, bütün vəsaitləri bir valyuta cütlüyünə qoymaq əvəzinə, onları səhmlər, əmtəələrə və kriptovalyutalara paylaya bilərsiniz.
Mütəmadi öyrənmə və bazar təhlili
Bazarlar daim dəyişir və uğurlu treyder bu dəyişikliklərə uyğunlaşmağa hazır olmalıdır. Bazar tendensiyalarını, iqtisadi xəbərləri və texniki analizi mütəmadi öyrənmək daha əsaslı qərarlar verməyə kömək edir.
Teleqram kanalımıza keçid edib gündəlik bazar araşdırması və iqtisadi təqvimlə tanış ola bilərsiniz.
Emosiyaları idarə etmək
Marja ticarəti soyuqqanlılıq və özünü nəzarət etməyi tələb edir. İmpulsiv qərarlardan, məsələn, itkiləri kompensasiya etmək ümidi ilə pozisiyanı artırmaqdan qaçmaq vacibdir, çünki bu, daha böyük itkilərə səbəb ola bilər.
Marja ticarəti üçün tövsiyələr
Marjinal ticarət mürəkkəb, lakin potensial olaraq yüksək gəlirli bir alət hesab olunur. O, yalnız biliklər deyil, həm də praktiki bacarıqlar tələb edir. Uğur qazanmaq şansını artırmaq üçün bir neçə əsas tövsiyəyə riayət etmək vacibdir. Bu tövsiyələr, riskləri minimuma endirməyə və ticarəti daha effektiv etməyə kömək edəcək.
Kiçik məbləğlərdən başlayın:
Əgər marja ticarətində yenisinizsə, kiçik məbləğlər və aşağı kredit çiyni ilə başlayın. Bu, ticarət mexanizmlərini başa düşməyə kömək edəcək və kapitalınızı böyük risklərə məruz qoymadan təcrübə qazandıracaq. Təcrübə topladıqca, ticarət həcmini tədricən artıra bilərsiniz.
Demo hesabdan istifadə edin:
Real hesaba keçməzdən öncə demo hesabda təcrübə qazanın. Bu, müxtəlif strategiyaları tətbiq etməyə, platformanın xüsusiyyətlərini öyrənməyə və marjinal ticarətin necə işlədiyini başa düşməyə kömək edəcək. Eyni zamanda, vəsait itirmək riski olmadan təcrübə qazandıracaq.
Plana əsasən hərəkət edin:
Uğurlu ticarət dəqiq bir planla başlayır. Əməliyyat açmazdan əvvəl hədəflərinizi, bazara giriş və çıxış səviyyələrini, həmçinin məqbul zərər limitinizi müəyyənləşdirin. Bu, impulsiv qərarlardan qaçmağa və ticarət intizamını qorumağa yardımçı olur.
Ticarətə başlamazdan öncə mütləq brokerlə bağlayacağınız marja ticarəti müqaviləsi ilə tanış olun. Orada borc vəsaitlərinin verilmə şərtləri, komissiya məbləği, marja çağırışı və “stop out” qaydaları, eləcə də müştəri kimi hüquq və öhdəlikləriniz aydın şəkildə göstərilməlidir.
Bazara dair xəbərləri izləyin: İqtisadi və siyasi hadisələr bazarlara ciddi təsir göstərə bilər. Yatırım etdiyiniz aktivlərə təsir edə biləcək xəbərləri mütəmadi izləyin. Bu, bazar dəyişikliklərini qabaqcadan görməyə və daha əsaslandırılmış qərarlar verməyə kömək edəcək.
Texniki və fundamental analizdən istifadə edin: Texniki analiz (qrafiklər, indikatorlar) və fundamental analiz (iqtisadi göstəricilər, şirkət hesabatları) birlikdə bazar tendensiyalarını daha yaxşı anlamağa və optimal giriş-çıxış nöqtələrini müəyyən etməyə kömək edir.
Foreksdə treydinq zamanı fundamental və texniki analiz barədə daha ətraflı məlumat almaq üçün daha öncə paylaşdığımız bloqa keçid edə bilərsiniz.
Marja ticarəti haqqında qanunvericilik
Azərbaycanda marja ticarətinin tənzimlənməsi, lisenziyalaşdırma, risk idarəetmə qaydaları və brokerlərin fəaliyyətinə daim nəzarət edən kompleks yanaşmaya əsaslanır. Bu, maliyyə bazarının sabitliyini təmin edir və investorlar üçün əlverişli şərait yaradır. Brokerlərin və maliyyə institutlarının fəaliyyətinə əsas nəzarət Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə olunub.
Azərbaycanda marja ticarətinə dair hüquqi tənzimləyici çərçivənin və nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə 2021-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Marja ticarəti Qaydası” təsdiqlənmişdir. Linkə keçid edərək, marja ticarəti ilə bağlı əsas anlayışlar, investisiya şirkətləri üçün qoyulan tələblər, öhdəliklər və digər müddəalarla ətraflı tanış ola bilərsiniz.
Bununla yanaşı, sözügedən ticarət növü “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunun 40-cı maddəsinə əsasən tənzimlənir.
Xüsusi vurğulamaq lazımdır ki, marja ticarəti yalnız lisenziyalaşdırılmış investisiya şirkətləri tərəfindən həyata keçirilə bilər.
Unicapital İnvestisiya Şirkətinin marja ticarəti xidməti
Unicapital İnvestisiya Şirkəti, UForex xidməti vasitəsilə müştərilərinə 1:100 kimi kredit çiyni ilə marjinal ticarət etməyə şərait yaradır. Bazarda 11 ildən artıqdır ki fəaliyyət göstərən UForex, yüksək xidmət sayəsində treyderlərin rəğbətini qazanmağı bacarıb. Şirkət müştərilərinə real vaxt rejimində “MT4” platforması üzərindən qızıl, gümüş, neft, valyuta cütlükləri kimi bir sıra maliyyə alətləri ilə qlobal bazarlarda ticarət edib qazanc əldə etmək imkanı verir.
Beləliklə, marja ticarəti mənfəəti artırmaq üçün investorlara geniş imkanlar açan güclü bir alətdir. Lakin istənilən maliyyə aləti kimi, o sahə üzrə biliklər, disiplin və risklərə hazır olmağı tələb edir. Bu bloqda biz marja nədir, necə işləyir, onun üstünlüklərini və mənfi cəhətlərini, marja ticarətinə dair qaydaları, habelə risklərin idarə edilməsi ilə bağlı əsas aspektləri nəzərdən keçirdik. Unutmaq lazım deyil ki, marja ticarətində uğur yalnız biliklərdən deyil, həm də düzgün yanaşmadan asılıdır. Təcrübə qazanmaq üçün ticarətə demo hesablardan başlayın, bazarı diqqətlə analiz edin, planlı şəkildə hərəkət edin və həmişə risk idarəetmə strategiyasına riayət edin.
Marja ticarəti müqaviləsi brokerlə münasibətlərinizi tənzimləyən əsas sənəddir. Ticarət zamanı gözlənilməz halların qarşısını almaq üçün bütün şərtlərin şəffaf və Azərbaycan qanunvericiliyinə uyğun olduğuna əmin olun.
Əgər siz marja ticarəti dünyasında öz yolunuza başlamağa hazırsınızsa, yalnız lisenziyalı, şəffaf şərtlərə və etibarlı reputasiyaya malik brokerlərin təqdim etdiyi xidmətlərdən istifadə edin. Bizim investisiya şirkətimiz müasir ticarət platformalarına, müxtəlif təlimlərə və peşəkar dəstəyə çıxış təqdim edərək sizin tərəfdaşınız olmağa hazırdır.