Foreks bazarının həftəlik təqvimi və analitikası 04.05.2026 - 10.05.2026

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Ötən həftə qlobal bazarlarda əsas diqqət FED və Avropa Mərkəzi Bankının (ECB) faiz qərarlarına, ABŞ inflyasiya göstəricilərinə, əmək bazarı gözləntilərinə və Yaxın Şərqdə davam edən qeyri-müəyyənliyə yönəldi. FED faiz dərəcələrini 3.50%-3.75% aralığında dəyişməz saxladı, lakin yüksək inflyasiya və Hörmüz boğazı ətrafında davam edən risklər fonunda bazar faiz endirimi ehtimallarını yenidən azaltdı. ABŞ-də PCE inflyasiyasının yüksəlməsi dollar üçün dəstəkləyici faktor oldu, lakin ECB-nin daha sərt mövqe nümayiş etdirməsi EUR/USD üzrə yüksəliş ssenarisini qoruyur.

Bu həftə bazarın əsas fokusu ABŞ-də qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (Nonfarm Payrolls), ADP-dən məşğulluq göstəricisi, yekun PMI rəqəmləri, Kristin Laqardın çıxışı və Yaxın Şərqdən gələcək xəbərlər olacaq. Əgər ABŞ əmək bazarı güclü qalarsa və əməkhaqqı artımı sürətlənərsə, FED-in faizləri daha uzun müddət yüksək saxlayacağı ssenarisi güclənə bilər. Əks halda, zəif NFP dollar üzərində təzyiq yaradaraq EUR/USD və qızıl üçün dəstək verə bilər.

Hazırda bazar yenə də iki əsas faktor arasında hərəkət edir: bir tərəfdə yüksək inflyasiya və sərt FED, digər tərəfdə isə ECB-nin daha sərt monetar mövqeyi və Yaxın Şərqdə mümkün diplomatik irəliləyişlər dayanır.

ABŞ

ABŞ iqtisadiyyatı üzrə son məlumatlar qarışıq, lakin ümumilikdə dollar üçün hələ də dəstəkləyici görünür. Birinci kvartal üzrə ÜDM-in 2.0% artması əvvəlki zəif göstəricidən sonra iqtisadiyyatın daha dayanıqlı olduğunu göstərdi. Bununla yanaşı, ümumi PCE-nin 3.5%, əsas PCE-nin isə 3.2% səviyyəsinə yüksəlməsi inflyasiyanın FED-in 2% hədəfindən xeyli uzaqda qaldığını təsdiqlədi.

FED faizləri dəyişməz saxladı, lakin qərar daha sərt mesaj kimi qəbul olundu. İnflyasiyanın yüksək qalması və enerji qiymətlərinin yenidən artması bazarda faiz endirimlərinin təxirə salınacağı, hətta 2027-ci ilə qədər faiz artımı ehtimalının qiymətləndirilə biləcəyi fikrini gücləndirdi. Bu isə dollar və ABŞ istiqraz gəlirlilikləri üçün dəstəkləyici amildir.

Bu həftə əsas hadisə Nonfarm Payrolls olacaq. Proqnozlara görə, ABŞ iqtisadiyyatı aprel ayında təxminən 73 min yeni iş yeri yarada bilər. Əgər nəticə gözləntilərdən yüksək olarsa və işsizlik 4.3% ətrafında qalarsa, dollar yenidən güclənə bilər. Zəif məşğulluq göstəricisi isə FED-in sərt mövqeyini yumşalda və risk aktivlərinə dəstək verə bilər.

5 may
17:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (aprel)
18:00 – Yeni mənzil satışları (mart)
18:00 – “JOLTS” əmək birjasında açıq vakansiyaların sayı (mart)
18:00 – ISM-dən qeyri-istehsal sektorunda biznes aktivliyinin indeksi (aprel)

6 may
16:15 – ADP-dən qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (aprel)
18:30 – Xam neft ehtiyatları

7 may
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

8 may
16:30 – Saatlıq orta əməkhaqqı (aprel)
16:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (aprel)
16:30 – İşsizlik göstəricisi (aprel)

Avrozona

Avrozonada əsas mövzu ECB və FED arasında yaranan monetar siyasət fərqidir. ECB son qərarında daha sərt ton nümayiş etdirdi və inflyasiyanın yüksəlməsi davam edərsə, iyun ayında faiz artımı ehtimalının gündəmdə ola biləcəyinə işarə etdi. Bu, avro üçün mühüm fundamental dəstək yaradır.

EUR/USD cütlüyü həftəni 1.1720 ətrafında tamamladı və əvvəlki maksimum olan 1.1855 səviyyəsindən bir qədər aşağıda qaldı. Buna baxmayaraq, texniki struktur hələ də müsbətdir. Cütlük 50 və 100 həftəlik EMA-ların üzərində qalır və “bullish flag” formalaşdırır. Bu, yaxın həftələrdə yuxarı istiqamətli qırılma ehtimalını artırır.

Bu həftə bazar Kristin Laqardın çıxışını, yekun PMI göstəricilərini və Avrozonada iqtisadi aktivliyin davamlılığını izləyəcək. Əgər ECB-nin açıqlamaları FED-dən daha sərt olarsa, EUR/USD üçün 1.1855, daha sonra isə 1.2000 hədəfi yenidən aktuallaşa bilər.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 1.1855; 1.1900; 1.2000
  • Eniş hədəfləri: 1.1650; 1.1600; 1.1500

Neft

Neft bazarında əsas risk hələ də Hörmüz boğazı və ABŞ-İran münasibətləridir. WTI ötən həftə 111 dollar səviyyəsindən geri çəkilərək 102.50 dollar ətrafında bağlandı. Brent isə həftəni 116.53 dollar yaxınlığında tamamladı. Bu qiymətlər bazarın hələ də təchizat risklərini ciddi şəkildə qiymətləndirdiyini göstərir.

ABŞ və İran arasında atəşkəs davam etsə də, boğazdan keçən neft həcminin azalması, alternativ marşrutlara yönəlmə və ABŞ ixracının rekord səviyyələrə yüksəlməsi bazarda gərginliyi azaltmır. Əsas risk ondan ibarətdir ki, ABŞ İranı razılaşmaya məcbur etmək üçün hərbi təzyiqi artıra bilər. Belə ssenari baş verərsə, İran regiondakı enerji infrastrukturlarını, o cümlədən Səudiyyə boru kəmərlərini və Qırmızı dəniz marşrutlarını hədəfə ala bilər.

Brent üzrə əsas texniki ssenari əvvəlcə 102.55 dəstək zonasına korreksiyanı, daha sonra isə 122.65 səviyyəsindən yuxarı qırılma baş verərsə, 140.05 istiqamətində yüksəlişin davamını nəzərdə tutur. WTI üzrə 100 dollar üzəri bazar üçün mühüm psixoloji dəstəkdir. Əgər qiymət 110dolların üzərinə qayıtsa, növbəti hədəf 119.05 ola bilər.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 122.65; 130.00; 140.05
  • Eniş hədəfləri: 102.55; 85.05; 70.55

Cari həftənin gözləntiləri (WTI):

  • Artım hədəfləri: 110.00; 115.00; 119.05
  • Eniş hədəfləri: 100.00; 95.00; 90.00

Qızıl

Qızıl bazarında vəziyyət daha balanslıdır. Bir tərəfdən, dolların və ABŞ istiqraz gəlirliliklərinin yüksəlməsi qızıl üzərində təzyiq yaradır. Digər tərəfdən, Yaxın Şərqdə qeyri-müəyyənlik, yüksək inflyasiya və riskdən qaçış tələbi qızılı dəstəkləyir. Buna görə XAU/USD hazırda güclü trenddən çox, səviyyələr arasında hərəkət edir.

Son texniki görünüşə əsasən, qızıl 4660 zonasında müqavimətlə üzləşib. Bu səviyyə əvvəlki dəstək olduğu üçün indi müqavimət kimi çıxış edir. Qiymət bu zonanın altında qaldıqca qısamüddətli istiqamət bir qədər zəif görünür. Əsas dəstək 4500, daha aşağıda isə 4400 səviyyəsidir.

Əgər ABŞ NFP zəif olarsa və dollar geri çəkilərsə, qızıl yenidən 4660-4680 zonasını yoxlaya bilər. Bu zonanın yuxarı doğru qırılması halında 4894 və daha sonra 5000 səviyyələri gündəmə gələ bilər. Əksinə, güclü ABŞ əmək bazarı və yüksək inflyasiya FED-in sərt mövqeyini gücləndirərsə, qızılda 4500 zonasına doğru eniş riski arta bilər.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 4660; 4894; 5000
  • Eniş hədəfləri: 4500; 4400; 4319

https://t.me/unicapital_investment

Send a request for more information

Type us

close

Ask a question

close

Müştəri müraciətləri

close