Foreks bazarının həftəlik təqvimi və analitikası 06.04.2026 - 12.04.2026

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Ötən həftə qlobal maliyyə bazarlarının əsas hərəkətverici qüvvəsi makroiqtisadi statistikadan daha çox geosiyasi risklər oldu. İran ətrafında davam edən hərbi gərginlik, Hörmüz boğazının fəaliyyətinə dair qeyri-müəyyənlik və ABŞ administrasiyasından gələn ziddiyyətli açıqlamalar investorların risk iştahasını ciddi şəkildə zəiflətdi. Bunun nəticəsində dollar “təhlükəsiz liman” kimi yenidən gücləndi, neft qiymətləri isə sürətlə yüksələrək həm inflyasiya, həm də monetar siyasət gözləntilərini dəyişdirdi. ABŞ əmək bazarından gələn güclü NFP göstəricisi (178 min), işsizliyin 4.3%-ə enməsi və istehsal sektorunda aktivliyin artması bazarda FED-in faiz endirimi gözləntilərini daha da zəiflətdi.

Cari həftədə bazarın əsas fokusu ABŞ inflyasiya göstəriciləri (CPI), FOMC protokolları, Avrozonanın istehlak və istehsal statistikası, eyni zamanda Yaxın Şərqdən gələn operativ xəbərlər olacaq. Hazırkı mərhələdə bazar üçün əsas ssenari belədir: yüksək enerji qiymətləri inflyasiya riskini artırır, bu isə həm dolları, həm də riskdən qaçış alətlərini ön plana çıxarır. Volatilliyin yüksək qalması gözlənilir.

ABŞ

ABŞ iqtisadiyyatı son həftədə gözləniləndən daha güclü nəticələr göstərdi. Əmək bazarı göstəriciləri iqtisadi aktivliyin zəifləmədiyini göstərdi və bu, Federal Ehtiyat Sisteminin yaxın dövrdə yumşalma siyasətinə keçid ehtimalını azaltdı. Xüsusilə əməkhaqqı artım tempinin bir qədər yumşalmasına baxmayaraq, məşğulluq bazarının güclü qalması dollar üçün fundamental dəstək yaradır.

Bu həftə əsas diqqət CPI və FOMC Minutes üzərində olacaq. Əgər CPI bazar gözləntilərindən yüksək açıqlanarsa, faiz dərəcələrinin uzun müddət yüksək
saxlanılması ssenarisi daha da güclənəcək və dollar indeksində əlavə yüksəliş görə bilərik. Bu halda xüsusilə EUR/USD üzərində aşağı təzyiq, qızılda isə düzəliş ehtimalı artacaq. Əksinə, daha yumşaq inflyasiya rəqəmləri dolların qısamüddətli korreksiyasına səbəb ola bilər.

ABŞ üçün bu həftənin əsas mövzusu artıq iqtisadi artım deyil, “inflyasiya yenidən sürətlənirmi?” sualı olacaq. Enerji qiymətlərinin sürətli artımı bu riskin real
olduğunu göstərir.

6 aprel

18:00 – ISM-dən qeyri-istehsal sektorunda biznes aktivliyinin indeksi (mart)

8 aprel

18:30 – Xam neft ehtiyatları
22:00 – Federal Açıq Bazar Komitəsinin (FOMC) protokollarının dərci

9 aprel

16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (aylıq) (fevral)
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (illik) (fevral)
16:30 – ÜDM göstəricisi (rüblük) (4-cü rüb)
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

10 aprel

16:30 – İstehlak qiymətlərinin indeksi (aylıq) (mart)
16:30 – İstehlak qiymətlərinin baza indeksi (aylıq) (mart)
16:30 – İstehlak qiymətlərinin indeksi (illik) (mart)

Avrozona

Avrozonada inflyasiya göstəriciləri ötən həftə bazarın diqqət mərkəzində idi. Almaniyada CPI və HICP rəqəmlərinin yüksəlməsi, eyni zamanda ümumi Avrozonada inflyasiyanın gözləniləndən daha yüksək gəlməsi Avropa Mərkəzi Bankı (ECB) üçün əlavə təzyiq formalaşdırır. Bu, nəzəri olaraq avro üçün dəstəkləyici amildir, çünki faiz artımı və ya daha sərtçıxışlar ehtimalını gündəmdə saxlayır.

Praktiki olaraq isə hazırda bazarda avro üçün əsas çətinlik dolların fundamental baxımdan güclü qalması və geosiyasi risklər fonunda investorların “təhlükəsiz liman” kimi ABŞ dollarına üstünlük verməsidir. Buna görə də avro üzrə müsbət makro statistika belə dolların üstünlüyünü tam neytrallaşdıra bilmir. Bu həftə açıqlanacaq Retail Sales və PPI göstəriciləri iqtisadi aktivlik və qiymət təzyiqlərinin davamlılığını göstərəcək.

Əgər göstəricilər zəif olarsa, EUR/USD-də 1.1500 aşağısına keçid riski artır. Güclü rəqəmlər isə cütlükdə 1.1600-1.1670 istiqamətində qısamüddətli geri
dönüş yüksəlişi yarada bilər.

10 aprel

10:00 – Almaniyada istehlak qiymətləri indeksi (aylıq) (mart)

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 1.1600; 1.1675; 1.1700
  • Eniş hədəfləri: 1.1500; 1.1410; 1.1200

Neft

Neft bazarı hazırda bütün qlobal aktivlər üçün əsas istiqamətverici faktora çevrilib. Brent və WTI-də son həftə müşahidə olunan yüksəliş yalnız texniki trend deyil, tamamilə fundamental əsaslara söykənir. Hörmüz boğazı ilə bağlı risklər, İran ətrafında gərginliyin artması və ABŞ tərəfindən mümkün əlavə hərbi
addımlar təklif tərəfi üzrə ciddi risk yaradır.

Brent üzrə əsas ssenari bu həftə əvvəlcə 97-100 zonasında texniki korreksiya, daha sonra isə yenidən yüksəlişin davam etməsi ola bilər. Əgər geosiyasi risklər artarsa, 122-140 dollar aralığı artıq tam real hədəfdir. WTI üçün də eyni istiqamət qorunur və 120 dollar səviyyəsi əsas psixoloji müqavimət olaraq qalır.

Peşəkar baxımdan bazarın əsas risk nöqtəsi odur ki, neftdə yüksəliş artıq təkcə enerji sektoru üçün deyil, həm də qlobal inflyasiya, faiz siyasəti, səhmlər və
valyuta bazarları üçün sistemli riskə çevrilib.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 122.05; 130.00; 140.05
  • Eniş hədəfləri: 97.65; 86.65; 72.55

Cari həftənin gözləntiləri (WTI):

  • Artım hədəfləri: 115.00; 120.00; 125.00
  • Eniş hədəfləri: 105.00; 100.00; 95.00

Qızıl

Qızıl bu həftə iki əsas faktorun təsiri altında olacaq: dolların gücü və geosiyasi risklər. Normal şəraitdə güclü dollar qızıl üçün mənfi amildir, lakin hazırkı bazar şəraitində Yaxın Şərqdə risklərin artması qızılı təhlükəsiz liman kimi dəstəkləyir. Məhz buna görə qızılda istiqamət daha çox xəbərlərin mahiyyətindən asılı olacaq.

Əgər ABŞ CPI yüksək olarsa, qızılda əvvəlcə satış təzyiqi görə bilərik və 4500 zonası kritik dəstək olaraq yoxlanıla bilər. Lakin hər hansı eskalasiya və ya diplomatik danışıqlarda uğursuzluq fonunda qızıl sürətlə 4700-4780 istiqamətində yüksələ bilər.

Bazar hələ sabit bir trend formalaşdırmayıb, lakin risk mühiti səbəbindən hər eniş alıcılar tərəfindən dəyərləndirilir. Bu isə orta müddətli perspektivdə yüksəliş potensialını qoruyur.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 4700; 4780; 4860
  • Eniş hədəfləri: 4500; 4240; 4140

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/unicapital_investment

Send a request for more information

Type us

close

Ask a question

close

Müştəri müraciətləri

close